logo

Kikbosinq Federasiyası fəaliyyətə başlayıb

2018-09-30 / 13:04:17

Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması ilə əlaqədar təsis iclası keçirilib.

Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi aparatının əməkdaşları, rayon (şəhər) Gənclər və İdman idarələrinin rəisləri və kikboksinq idman növü üzrə məşqçi-müəllim heyətinin iştirakı ilə baş tutub. İclasda çıxış edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ­tapşırığı ilə yaradılan federasiyanın idmanın bu növü üzrə fəaliyyətinin daha mütəşəkkil xarakter alması və bu sahədə kütləviliyin artırılması baxımından əhəmiyyətindən danışıb. O, bu idman növünün muxtar respublikada gələcək inkişafı ilə bağlı görüləcək tədbirlərdən bəhs edib.

Nazir qeyd edib ki, yeni yaradılan federasiyanın əsas fəaliyyət istiqamətləri muxtar respublika gəncliyinin vətənpərvərlik ruhunda və sağlam mühitdə formalaşdırılması, kikboksinq üzrə idmançı və məşqçi heyətinin hazırlıqlarının daha da gücləndirilməsindən ibarətdir. Həmçinin bu sahədə peşəkarlığın artırılması və muxtar respublika idmançılarının ölkə və beynəlxalq miqyaslı idman yarışlarında iştirakının təmin edilməsi federasiyanın əsas iş prinsiplərindən biri olacaq. Eyni zamanda federasiyanın əsas məqsədlərindən biri də rayonlarda yeni bölmələrin fəaliyyətə başlaması, fəaliyyət göstərən bölmələrin isə işinin daha da yaxşılaşdırılmasıdır.

Sonra gündəlikdə duran məsələlər müzakirə edilib, məşqçi-müəllim heyətinin rəy və təklifləri dinlənilib. İclas Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması barədə qəbul edilmiş qərar layihəsinin oxunuşu ilə başa çatıb.

@muellif huqulari qorunur