logo

Kikboksinq Federasiyasının yığıncağı keçirilib

2019-01-25 / 08:43:04

Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncağı keçirilib.

Yığıncağı giriş sözü ilə açan muxtar respublikanın gənclər və idman naziri, Kikboksinq Federasiyasının sədri Azad Cabbarov gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.

Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış edərək ötən il keçirilən yarışlar barədə məlumat verib.

Yığıncaqda çıxış edən federasiyanın sədri Azad Cabbarov vurğulayıb ki, ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi bu gün muxtar respublikamızda gənc idmançılar nəsli yetişib və yüksək nəticəsi olan idmançıların adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınıb. Bu gün muxtar respublikamızda idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır.

Vurğulanıb ki, müşavirədə verilən tapşırıqlara əsasən, Kikboksinq Federasiyasında idmanın bu növünün inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması, federasiya tərəfindən federasiya daxilində istedadlı gənclərin məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin edilməlidir.

Azad Cababrov qeyd edib ki, muxtar respublikada uğurla fəaliyyət göstərən idman federasiyalarından biri də 2018-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasıdır. Federasiya bu idman növünün muxtar respublikada kütləviliyi, yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində məqsədyönlü iş aparıb, komandalar formalaşdırılıb. Muxtar respublikanın Gənclər və İdman Nazirliyi muxtar respublikamızda yeni yaradılan Kikboksinq Federasiyası ilə birgə idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirib. Yeni yaranmasına baxmayaraq, federasiya artıq bir neçə beynəlxalq və respublika səviyyəli yarışlarda iştirak edib, idmançıları uğurlu nəticələr əldə edərək bu yarışlardan 19 medal qazanıblar. Belə ki, İsmayıllı Olimpiya-İdman  Kompleksində  kikboksinq üzrə yeniyetmələr və gənclər arasında keçirilən ölkə birinciliyində, İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən ümummilli lider Heydər  Əliyevin anadan olmasının  95 illiyinə həsr olunmuş kikboksinq üzrə Beynəlxalq Peşəkar turnirdə, “Heydər Əliyev kuboku” uğrunda kikboksinq üzrə Naxçıvan Muxtar Respublika turnirində, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan kikboksinq üzrə uşaq və yeniyetmələr arasında muxtar respublika birinciliyində federasiyanın idmançılarının iştirakı təmin edilib. Bundan başqa idmançıların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Kikboksinq Federasiyası idmançılarının Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunub.

Diqqətə çatdırılıb ki, keçirilən yarışlar idmançıların peşəkarlıq səviyyəsinin yüksəlməsinə, yeni idmançıların yetişməsinə səbəb olub. 2018-ci il ərzində şəhər və rayonları əhatə etməklə 246 idmançı, 10 fərqli qrupda idmanın bu növü üzrə keçirilən hazırlıqlarda, təlim-məşq proseslərində iştirak edib. Federasiya sədri çıxışının sonunda həyata keçirilən tədbirlərin nazirlik və Kikboksinq Federasiyasının birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd edib, dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqların layiqincə yerinə yetiriləcəyinin əminliyini bildirib.

Yığıncaqda Tahir Məmmədli yetkilliklə federasiyanın sədr müavini seçilib, federasiyanın 2019-cu il üçün hazırlanan qərar layihəsi təsdiq olunub. Məşqçi-müəllimlərin fikirləri dinlənildikdən sonra Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının il ərzində fərqlənən idmançıları mükafatlandırılıb.

Yığıncağa yekun vuran gənclər və idman naziri məşqçi-müəllimlər və idmançıları adından yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

 

 

© MÜƏLLİFLİK HÜQUQU 2019 NAXKF.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.