logo

Kikboksinq Federasiyasının iclası keçirilib

2019-07-16 / 06:04:27

Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının iclası keçirilib.
İclasda çıxış edən muxtar respublikanın Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, yarandığı gündən federasiyanın əsas fəaliyyət istiqaməti muxtar respublikada gənclərin vətənpərvərlik ruhunda və sağlam mühitdə formalaşdırılması, bu növ üzrə idmançı və məşqçi heyətinin hazırlıqlarının daha da gücləndirilməsindən ibarət olub. Bu sahədə peşəkarlığın artırılması və muxtar respublika idmançılarının ölkə və beynəlxalq miqyaslı idman yarışlarında iştirakının təmin edilməsi də federasiyanın daim diqqət mərkəzində olub. Bu idman növünün muxtar respublikada kütləviliyi, yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində məqsədyönlü iş aparılıb, komandalar formalaşdırılıb, idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib. Yeni yaranmasına baxmayaraq, federasiya artıq bir neçə beynəlxalq və respublika səviyyəli yarışlarda iştirak edib, idmançıları uğurlu nəticələr qazanıblar.
Sonra məşqçi-müəllimlərin fikirləri dinlənilib, keçirilən yarışların nəticələri müzakirə olunub.
Çıxışlardan sonra federasiyaya yeni sədr təyin olunub. Belə ki, məşqçi Xəyal Abdullayev Kikboksinq Federasiyasının yeni sədri seçilib. Gənclər və İdman naziri Azad Cabbarov federasiya sədrinə fəaliyyətində uğurlar arzulayıb, bu sahənin inkişafı istiqamətində nazirliklə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.
Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edərək bildirib ki, federasiya bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracaq.

© MÜƏLLİFLİK HÜQUQU 2019 NAXKF.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.